+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

DDTU dünən, bu gün, sabah

Dağıstan  dövlət texniki universiteti  Rusiyanın cənubunda iri təhsil, elm və mədəniyyət mərkəzi, yüksək elmi və intellektual potensiala malik olan  innovasiya tipli ali təhsil müəssisəsidir.  Yarandığı andan  bu günədək universitet 40 mindən çox   mühəndis  peşəsinə yiyələnmiş  mütəxəssis buraxmış,  bununla da respublika və ölkənin bir çox sahələrini ali dərəcəli kadrlarla təmin etmişdir.

APT FDBTM “DDTU”-nun tarixi 24 yanvar 1970-ci ildən başlayır. Həmin il SSRİ Nazirlər Şurası  Dağıstan Politexnik İnstitutunun təşkili haqqında Qərar qəbul etmişdir. RSFSR ali və orta təhsil Nazirinin 17 avqust 1971-ci il tarixli 330 saylı  Əmri ilə  Dağıstan politexnik unstitutunun strukturu, kafedra, laboratoriya və kabinetlərinin, habelə müşavirə orqanlarının  sihayısı təsdiq edilmişdir. RSFSR  ali və orta təhsil Nazirinin 24 fevral   1972-ci il tarixli 71 saylı  Əmri ilə isə   bütün təşkili məsələlər qəti olaraq həll edilmiş və institut yaradılmışdır.  İnstitutun strukturunda mexanika, cihazqayırma, inşaat, texnologiya fakültələri, habelə axşam və qiyabi fakültələr  nəzərdə tutulmuşdur.

Dağıstanda texniki profilli ali məktəb yaratmaq zərurəti təsadüfdən yaranmamışdır.  XX əsrin 50-ci illərinin sonu-60-cı illərinin əvvəlləri dəqiq elmlərin  sürətli inkişafı, kosmosun kəşfi, ölkənin texniki cəhətdən modernləşməsi,  bunun nətiəsi olaraq sənaye istehsalının artması,  tarixən kənd təsərrüfatı bölgələri kimi qərarlaşmış bölgələrdə iqtisadiyyatın  sənaye və aqrar sahələrini bir-birinə yaxınlaşdırmaq cəhdləri   ilə əlamətdar olmuşdur.  Iri sənaye müəssisələrinin inşaatı və istismarı üçün yerli mühəndis-texniki kadrlar tələb olunurdu.  Respublikanın məhsuldar qüvvələrinin  inkişafı,  əsaslı tikintinin geniş vüsət alması  mühəndis kadrları  hazırlığını   sürətləndirməyi, bir sıra yeni texniki  ixtisaslar üzrə kadr  yetişdirməyi    tələb edirdi.

Dağıstan poltexnik institutunun ilk rektoru fizika-riyaziyyat elmləri doktoru, Rusiynın qaz dinamikasının  hesablanması sahəsində tanınmış alimi  Maqomedov  Kamil Maqomedoviç olmuşdur.   Təməli qoyulduğu gündən instituta  13 il ərzində  rəhbərlik edən Kamil Maqomedoviç  Dağıstanda texniki elmlərin qərarlaşmasında  və Şimali Qafqaz respublikaları sənayesinin inkişafında  böyük rol oynamış  bu ali məktəbin inkişafına böyük töhfə vermişdir.

1985-ci ildə K.M.Maqomedov SSRİ EA Dağıstan filialının Rəyasət Heyətinin sədri təyin olunduqdan sonra instituta t.e.d., professor Aminov Mail Sultanoviç rəhbərlik edir. M.S.Aminovun rektorluğu dövründə institutda elmi-tədqiqat fəaliyyəti  inkişaf edib genişlənir, çoxlu sayda cihaz və avadanlıqlar əldə edilir.

1995-ci ildə RF ali təhsil üzrə Dövlət Komitəsinin  5 iyun 1995-ci il tarixli  852 saylı Əmri ilə Dağıstan Politexnik İnstitutuna   Dağıstan dövlət texniki universiteti adı verilmişdir.

Bu ali məktəbdə əsaslı dəyişikliklər 2000-ci illərdə başlamışdır. Həmin dövrdə  DDTU  dünya təhsil  standartlarına  uz tutur.  Dəyərli ənənələrə söykənərək intellektual potensialını artıran, ən müasir metodika və inkişaf strategiyalarından faydalanaraq öz fəaliyyətini daima təkmilləşdirən universitet elm, təhsil və tərbiyə sahəsində ön mövqelərə çıxır, regionda ilk olaraq  innovasiya inkişaf yoluna keçid edir. Universitetin ardıcıl və dinamik şəkildə inkişaf etdiyi həmin  illərdə ali məktəbə t.e.d., professor, RF-nın  əməkdar elm xadimi Tahir Əbdurəşidoviç İsmayılov rəhbərlik edir. 

Universitetin elm və təhsil siyasətinin əsas məqsədi  innovasiyaları tətbiq etmək,  dünya tələbləri səviyyəsində mütəxəssis hazırlığını təmin etmək və  bölgənin inkişafı üçün təhsil, elmi-texniki, innovasiya potensialından  səmərəli istifadə etməkdir.  

Bu gün ali məktəbin strukturunda 13 fakültə, 64 kafedra, 5 elmi-tədqiqat instututu (onların arasında  region üçün baza rolunu oynayan “Termoelektrik cihaz və qurğular” ETİ-ni və “Mikroelektronika və nanotexnologiyalar” ETİ-ni göstərmək olar),   22 ixtisaslaşdırılmış mərkəz, o cümlədən ŞQFD-də ən  böyük mərkəz olan Müasir İnformasiya Texnologiyaları Mərkəzi, DDTU və “Microsoft” korporasiyasının   Rusiyada  rəsmi nümayəndəsi olan “Softline” şirkətinin Beynəlxalq elmi-tədris mərkəzi, Analog Devices, Inc.,   şirkətləri  ilə birgə yaradılmış “Müasir elektron elementlər və texnologiyalar” elmi-tədris mərkəzi, bir sıra digər innovasiya texnologiyaları strukturları, habelə Kaspiysk, Kizlər, Dərbənd  şəhərlərində 3 filial və çoxlu sayda profil üzrə elmi və tədris laboratoriyaları fəaliyyət göstərir. Universitetdə “İstehsalatla əlaqələr və məzunların işlə təmin olunmasına yardım Mərkəzi”  və “Rəhbər işçilərin və mütəxəssislərin  dərəcələrinin artırılması  və  yenidən hazırlanması Mərkəzi” də  fəaliyyət göstərir. 2013-cü ilin sentyabrında universitetin bazasında  «Plug&Play Dagestan» biznes-inkubatoru açılmışdır. Bu, Dağıstan  Respublikasında  ABŞ-n  nəhəng akseleratoru olan  «Plug and Play» inkubatorunu təmsil edir.  Qeyri-formal şəbəkəsi  300-dən çox texnoloji startapı, 180 investor və aparıcı universitet və korporasiyalar birliyini əhatə edən  bu inkubatorun ofisi Kaliforniyada yerləşir.

 “Plug and Play” inkubatorunun uğurlu layihələri arasında  Google, Logitech, PayPal, Dropbox və digər şirkətləri qeyd etmək olar.

«Plug&Play Dagestan» biznes-inkubatoru gənclər arasında texnologiyalar sahəsində sahibkarlığın  inkişaf etdirilməsi,  İT sahəsində  aktual biliklərə çıxışın təmin edilməsi və  Dağıstandan olan startapların uğurları üçün imkanların genişləndirilməsi    ilə məşğuldur.  

DDTU-nun  geniş  spektrli mühəndis ixtisaslarını,  habelə  iqtisadi və humanitar profilli bəzi  ixtisasları   əhatə edən  59 ixtisas, 40 magistratura və 49 bakalavr  istiqaməti  üzrə lizensiyası var. 

Universitetdə  müxtəlif səviyyəli  277 təhsil proqramı, o cümlədən 150 – ali peşə təhsili, 41 – ali  məktəbdən sonrakı təhsil,  56 -  dərəcənin artırılması və yenidən hazırlıq,  18 – peşə hazırlığı  proqramları həyata keçirilir. Universitetin tərkibinə daxil olan texniki peşə litseyində  12 ixtisas üzrə  ibtidai peşə təhsili hazırlığı həyata keçirilir.

Ali məktəbin kollektivi elmi-texniki proqramlar və qrantlar üzrə tədqiqatların yerinə yetirilməsində fəal iştirak edir. “İnnovasiyalı Rusiyanın elmi və elmi-pedaqoji kadrları” Federal Məqsədli Proqram,  “Ali məktəbin elmi potensialının  inkişafı” analitik  idarə məqsədli  proqram  lahiyələr yerinə yetirilir. Universitetdə ənənəvi  olaraq  RF  və DR Prezidentləri, Rusiya Fundamental Tədqiqatlar Fondu (RFTF), Rusiya Humanitar Elm Fondu (RHEF),  RF Təhsil və Elm Nazirliyinin dövlət tapşırığı ilə elmi-tədqiqat işi    çərçivəsində qrantlar yerinə yetirilir.

Universitetin tələbə və aspirantları  RF və DR Prezidentləri, Q.Maxaçov fondu və bir sıra digər fondların   təqaüdünü  alır.   Universitetin  gənc alimləri dəfələrlə  öz potensialını  innofasiya fəaliyyətində reallaşdırmağa can atan gənc alimləri üzə çıxarmaq, innovasiya layihələrinə təşkilati və  maliyyə dəstəyi yolu ilə  gənclərin elmi-texniki və innovasiya fəaliyyətində kütləvi iştirakını həvəsləndirmək məqsədini güdən “У.М.Н.И.К." elmi-innovasiya gənclər  müsabiqəsinin iştirakçısı” proqramının   qalibi olmuşdurlar. Bu gün ali məktəbin bazasında bu proqramın 11 layihəsi həyata keçirilir. Ali məktəbin  professor-müəllim heyəti, aspirant və tələbələri  hər il müxtəlif səviyyəli  müsabiqələrdə iştirak edirlər. 

 2013-cü ildə  “Elektron komponent bazasının və radioelektronikanın inkişafı” Federal Məqsədli Proqram çərçivəsində   bu ali məktəb  RF Sənaye Ticarəti Nazirliyi ilə “Baza layihələşdirmə mərkəzləri korporasiya şəbəkələri əsasında mürəkkəb radioelektron sistemləri və komplekslərinin layihələşdirilməsinin avtomatlaşdırma sistem və avadanlığının yaradılması   texnologiyasının işlənməsi” mövzusunda  dövlət müqaviləsini bağlamışdır. Rusiya Federasiyası hökumətinin 218 saylı  “Texnoloji cəhətdən yüksək istehsalatın yaradılması üzrə kompleks layihələri həyata keçirən  Rusiya ali təhsil müəssisələri və təşkilatlarının  kooperasiyasınınn inkişafına dövlət dəstəyi tədbirləri haqqında” Qərarı çərçivəsində  universitet “Dağdizel zavodu” MMC ilə birgə müsabiqədə iştirak etmişdir. Ali məktəbdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə DDTU qabaqcıl əcnəbi alimlərin  rəhbərliyi  altında   elmi laboratoriyanın yaradılması üzrə müsabiqədə iştirak etmişdir.

2013-cü ildə müəllim, tələbə və aspirantlar Birinci Respublika  gənclər «DagITstan»  İT layihələri müsabiqəsində,  Respublika gənclər innovasiya layihələri müsabiqəsində,  “Ən yaxşı elmi məqalə” (Köln, Almaniya), Rusiya Elmlər Akademiyasının  REA-nın gənc alimləri üçün mükafat və medalları uğrunda  müsabiqədə, “Gənc Rusiya alimlərinə (elmlər namizədləri və doktorları) dəstək üçün Rusiya Federasiyası Prezidentinin qrantları”  müsabiqəsində, Dağıstan Respublikasının elm, texnika, ədəbiyyat, publisistika, incəsənət və memarlıq sahəsində dövlət mükafatı uğrunda  müsabiqədə,  RF-nın aparıcı elmi məktəblərinə dövlət dəstəyi üçün  Rusiya Federasiyası Prezidentinin qrantları uğrunda  müsabiqədə,  RF Prezidentinin mükafatı uğrunda    müsabiqədə və b.  iştirak etmişdirlər.

DDTU-da ənənəvi olaraq aşağıdakı universitetdaxili  müsabiqələr keçirilir: “DDTU-nun ən yaxşı ixtiraçısı”, “DDTU-nun ən yaxşı monoqrafiyası”, “DDTU rektorunun qrantları”,  “DDTU gənclərinin  innovasiya potensialı” və s. Təkcə 2013-cü ildə  bu müsabiqədə iştirak etmək üçün müəllim, tələbə və aspirantlardan  250-dən çox ərizə daxil olmuşdur. Müsabiqələrin qalibləri qrant dəstəyi almışdırlar.

 2013-cü ildə universitetdə yerinə yetirilən ETİ, ETTKİ və TKİ-nin ümumi həcmi  120 mln. rubldan çox təşkil etmişdir. Həmçinin universitetdə  RF və bölgələrinin  müəssisə və təşkilatlarının sifarişi üzrə təsərrüfat müqaviləsi əsasında  201 elmi-tədqiqat   işi yerinə yetirilmişdir.

Universitet alimlərinin məhsuldar  ixtiraçılıq fəaliyyəti müvafiq patentlərdə, şəhadətnamələrdə və sertifikatlarda  öz təsdiqini tapmışdır.  Son 10 ildə universitet  ixtira və faydalı modellərə  görə  2000-dən çox patent,  EHM və məlumatlar bazasına 31 şəhadətnamə  əldə etmişdir  ki, bu da RF ali məktəbləri və elmi müəssisələri arasında ən yaxşı göstəricilərdən biridir.  DDTU-nun elm və istehsalat mərkəzləri    Rusiya və xarici ölkələrin iri şirkətləri ilə birgə işləyir, bu  şirkətlər üçün ən müxtəlif sahələrdə tədqiqatlar aparır.

Texniki universitetin aparıcı işləmələri  elmi nailiyyət sərgilərində nümayiş etdirilir. Onların arasında  “Arximed” Moskva beynəlxalq  ixtira və innovasiya texnologiyaları Salonunu, "INVENTICA" beynəlxalq tədqiqat və texnoloji transfer Salonunu (Rumıniya), Rusiya-Britaniya ixtiralar və innovasiya texnologiyaları Forumunu (Böyük Britaniya), “Yeni dövr” Beynəlxalq ixtira və yeni texnologiyalar Salonunu (Ukrayna), “"ИННОВ" Ümumrusiya elmi-tədqiqat işləri və innovasiya fəaliyyəti yarmarka-sərgisini (Novoçerkassk), SIIF Beynəlxalq   ixtiralar yarmarkasını (Seul şəhəri, Cənubi Koreya), Dağıstan iqtisadi forumunu,  “İşgüzar Dağıstan” və “Dağprodekspo”  Beynəlxalq Dağıstan regionlararası sərgiləri  və s. qeyd etmək olar.

Universitetdə  namizədlik və doktorluq  dissertasiyalarının  müdafiəsi üzrə 3 dissertasiya şurası fəaliyyət göstərir. 41 aspirantura və  5 doktorantura  istiamətləri üzrə 350-dən çox  aspirant və doktorant  burada  təhsil alır.

2005-ci ildən  universitetin əməkdaşları  elmi-texniki sahədə  fəaliyyət göstərən kiçik  müəssisələrin inkişafına dövlət dəstəyi Fondu tərəfindən təşkil olunan  “Start” proqramında yaxından  iştirak edir. Bu proqram çərçivəsində elmtutumlu məhsulun işlənməsi ilə məşğul olan  11 kiçik müəssisə yaradılmışdır. Onlar DDTU-nun Texnoloji parkının nəzdində fəaliyyət göstərən  biznes-inkubatoruna daxildir ki, bu da  təhsil, elm və istehsalatın  inteqrasiyasını səmərəli təşkil etmək imkanı verir.

 

 

Ümumi sayı 10-mindən çox olan tələbələrin təlimini 126 elmlər doktoru və professor, 500-ə yaxın  elmlər  namizədi və dosent, REA və RMİEA-nın  müxbir üzvləri, 42 akademik və Rusiya və beynəlxalq ictimai akademiyaların müxbir üzvlərindən  ibarət olan  yüksək ixtisaslı elmi-pedaqoji kollektiv həyata keçirir.

Universitet respublika üçün aşağıdakı perspektivli istiqamət və ixtisaslar üzrə mütəxəssis yetişdirir: nanoelektronika və nanomateriallar, mikrosistem texnikası, rabitə vasitələri, elektrik enerjisi sistem və şəbəkələri,  fövqəladə hallarda müdafiə, neft-qaz işi, şərabçılıq və qıcqırtma istehsalının texnologiyası, məhkəmə ekspertizası, innovatika, avtomobil yolları və aerodromlar, hidrotexniki inşaat, hesablama texnikası və avtomatlaşdırılmış sistemlərin  proqram təminatı, radiotexnika,  daşınmaz əmlakın ekspertizası  və idarə edilməsi, ictimai iaşə məhsulları texnologiyası, tikiş məhsullarının konstruksiyası, tətbiqi informatika, hərəkətin təşkili və təhlükəsizliyi və s.

 

Universitetdə  olimpiada, müsabiqələrin təşkili və keçirilməsi, habelə tələbələrin  müxtəlif səviyyəli olimpiada və müsabiqələrdə iştirakı  sistemi yaradılmışdır.  Hər il informatika və fizika üzrə Ümumrusiya məktəbli  olimpiadasının  üçüncü bölgə mərhələsi,  buraxılış dərəcə işlərinin Ümumrusiya  müsabiqələri, fənlər üzrə Ümumrusiya internet olimpiadaları  və  tələbələr arasında ixtisaslar üzrə  olimpiadalar keçirilir. Ali məktəbdaxili və internet olimpiadalarının qalibləri ölkənin bölgələrində keçirilən olimpiadalarda iştirak edir və birinci yeri tuturlar, mükafat qazanırlar.

Universitet  kafedra və məzunlarla işlə  təmin edənlərin  fəal qarşılıqlı təsirlərinin təmin olunmasına xüsusi diqqət yetirir. Hər il payız və yaz məzun yarmarkaları təşkil olunur, bu yarmarkalara   respublika müəssisə və təşkilat  rəhbərləri, məzunlar, kafedra və fakültələr  dəvət olunur. Bu zaman işlə təmin edənlər üçün  ən yaxşı məzunlarla birbaşa dialoq  qurmaq və  işə götürmək haqqında müqavilə bağlamaq  imkanı yaradılır.  Eyni zamanda  müəssisə və təşkilat nümayəndələrinin kafedralarla görüşləri təşkil olunur, burada  müəssisələr üçün problem olan məsələlər müzakirə olunur və əməkdaşlığın yol və üsulları müəyyən edilir.

Universitetdə  ümumi  fondu 1 milyondan çox ədəbiyyat nüsxəsindən ibarət olan elmi-texniki kitabxana fəaliyyət göstərir. Əcnəbi tələbələr  hər cür şəraiti olan yataqxanalarda yerləşdirilir. Tələbə şəhərciyinin ərazisində  idman zalları, stadionlar, tələbə klubu, yeməkxanalar və avtoservis yerləşir.

DDTU Respublika tələbə yazının beşqat   (2008, 2009, 2010, 2011, 2012-ci illər) qalibidir. Dağıstan Respublikasını Ümumrusiya tələbə yazında təmsil edən tələbələr təkcə 2012-ci ildə Çelyabinsk şəhərində 3 birinci, 2 ikinci və 2 üçüncü yerləri tutmaqla  böyük qələbəyə imza atmışlar. Rusiya Federasiyasının yığmasına daxil olan DDTU Qafqazda MDB ölkələrinin Beynəlxalq tələbə yazı festifalının Qran-pri mükafatına layiq görülmüşdür. Universitetin ŞHK-n  yığma komandası bölgə turnirlərinin qalibidir.  “Şən! Sağlam! Uğurlu!” Ümumrusiya müsabiqəsində komanda mükafat qazanır, ŞHK –nun Mərkəzi Krasnodar liqasında uğurla çıxış edir. 2013-cü ilin  mayında DDTU-nun “Qafqazın zirvələri”  rəqs ansamblı Novosibirsk şəhərində keçirilən Ümumrusiya və Beynəlxalq Delfi oyunlarında iki bürünc medal qazanmışdır.

DDTU-nun 40 illiyi şərəfinə universitetin turizm-idman klubu  Şalbuz dağının adsız zirvəsinə  qalxmış (üçüncü qüllə, 4050 m). O zamandan bu zirvə “Politex zirvəsi” adlanır.

DDTU  RF Təhsil və Elm Nazirliyinin təşkil etdiyi ən yaxşı tələbə yataqxanası  (tələbə şəhərciyi) Ümumrusiya müsabiqəsinin, “Ən yaxşı  tələbə yataqxanası” birinci respublika müsabiqəsinin  qalibidir. Yeddi ildir ki,  DDTU  dalbadal  Maxaçkala şəhərinin Administrasiyası  tərəfindən təşkil olunan “Ən yaxşı ali məktəb həyəti”  müsabiqəsində qalib gəlir.

Universitetdə  tələbələrin ən müxtəlif idman növləri ilə məşğul olması üçün bütün şərait yaradılmışdır. Universitetdə  çoxlu sayda idman tədbirləri, o cümlədən  sərbəst güləş, voleybol, stolüstü tennis, şahmat turnirləri keçirilir. 2013-cü ildə universitetdə dünya rekordu vurulmuşdur: eyni vaxtlı oyun seansında universitetin  iki mindən çox tələbə və müəllimlərinin iştirak etdiyi şaşki  turniri keçirilmişdir. DDTU-nun iki futbol meydançası, ağır atletika  və fitnes ilə məşğul olmaq üçün müasir trenajor zalları, stolüstü tennis zalı, basketbol və voleybol ilə məşğul olmaq üçün yay idman meydançası var. Universitetin məzunları arasında dünya və Avropa çempionları, Olimpiya oyunlarının qalibləri və mükafatçıları  var.  ŞQFD və CFD-nin ən yaxşı ali məktəb  futbol komandaları ilə birgə  “Politex” komandası futbol üzrə zona birinciliyində çıxış edib qalib gəlir.  Universitetin  30 kilometrliyində Xəzər dənizinin sahilində “Politex” idman-sağlamlıq düşərgəsi  fəaliyyət göstərir.

Yeni sosial-iqtisadi və innovasiya layihələrinin təşəbbüskarı olmaqla DDTU ali peşə təhsilinin prioritet istiqamətlərini və vəzifələrini həyata keçirir. Ali məktəbin  götürdüyü modernləşmə strategiyası yaxın illərdə texniki universitetin geniş imkanlarını nəzərə alan səmərəli inkişaf proqramlarını tətbiq etmək imkanı verir.